NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Qarabağlar Türbə Kompleksinin

 bərpası və tədqiq olunması haqqında

Naxçıvan Muxtar Respublikasının ərazisi xalqımıza məxsus maddi-mədəniyyət nümunələri və abidələrlə zəngindir. Belə abidələrdən biri də Qarabağlar Türbə Kompleksidir.

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir.

Türbə kompleksi göstərir ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən və böyük şəhərlərindən biri olmuşdur.

Dünya əhəmiyyətli abidə olan Qarabağlar Türbə Kompleksinin bərpasını və abidənin tədqiqini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etsin.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaratsın.