QARABAĞLAR TÜRBƏ KOMPLEKSİ

(XII-XIV əsrlər)

      XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi Naxçıvan ərazisində yaradılan türk-islam mədniyyətinin möhtəşəm nümunələrindən və Şərq memarlığının incilərindən biridir.

     Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən kompleks bir türbə və qoşa minarəli baştağdan ibarətdir. Qoşa minarəli baştağın üzərindəki kitabədən aydın olmuşdur ki, abidənin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın həyat yoldaşı olan Quti xatın ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir.

     Azərbaycanın qülləvari türbələri tipinə aid olan, on iki  yarımsilindirin birləşdirilməsindən əmələ gələn, diametri 10 metrə yaxın, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsinin 16-cı ayəsinin son hissəsi yazılmışdır.

     Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələrlə bəzədilmişdir. Memarlıq xüsusiyyətləri və kitabələrinin yerinə yetirilməsi texnikası göstərir ki, bu abidə Bərdə türbəsini də inşa edən memar Əhməd Əyyub oğlu Naxçıvani tərəfindən yaradılmışdır.

     Zaman keçdikcə dağıntıya məruz qalan Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən bərpa olunmuşdur