Tarixi mənbələr Qarabağlar kəndi və Qarabağlar Türbə Kompleksi haqqında

Nəşr edilib “Şərq qapısı” qəzeti 15.03.2017.

    Qarabağlar Türbə Kompleksinin xalqımızın maddi-mədəniyyət abidələri arasında tarixi mövqeyini, dünya əhəmiyyətli abidə olmasını nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: “Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir”.

 Qarabağlar Kəngərli tayfa birləşmələrinə məxsus ad olub

 Respublikamızın ərazisində “Qarabağ” sözündən yaranmış Qarabağ, Qarabak, Qarabağlar, Qarabağlı adlı coğrafi adlar, yaşayış məskənləri – kəndlər mövcuddur. Tədqiqatçılar bu sözün etimologiyasını müxtəlif yöndən izah edirlər. Qarabak adının qara (böyük) və bak (qədim türk dillərində “el”, “tayfa”, “soy”) sözlərindən ibarət olduğu ehtimal edilir. Məlum olduğu kimi, qədim kəngər-peçeneqlərin tərkibində Qarabağ adlı tayfa olmuşdu. Peçeneqlər hələ eramızın əvvəllərindən Azərbaycanda yaşamışlar. Məhz buna görə də bu adı həmin tayfanın adı ilə əlaqələndirirlər.

“Qarabağ”ın türk sözü olması toponimiya ilə məşğul olan tədqiqatçıların, demək olar ki, əksəriyyəti tərəfindən təsdiq edilir. Professor V.Piriyev “Qarabağ”dakı “qara və “bağ” anlayışlarının Azərbaycan dilinə məxsusluğuna diqqət çəkərək, qara (sifət) və bağ (isim) ifadələrinin birləşərək mürəkkəb tərkibli “Qarabağ” yer adını yaratmasını vurğulayıb. Müəllifin sözlərinə görə, Azərbaycan, həmçinin digər türk dillərində “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da var.

Bu baxımdan “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və sair mənalarını da ifadə edir. Məlum olduğu kimi, Kəngərlilər peçeneq tayfalarından olmuş və eramızın əvvəllərində hunların tərkibində Cənubi Qafqaza gəlmişlər. Kəngərlilər Naxçıvanın köklü sakinləri və ən qədim tayfalarından biridir. V.Q.Qriqoryevin yazdığına görə, “Naxçıvanın ictimai-siyasi həyatında mühüm rol oynayan Kəngərlilər XIX əsrin 30-cu illərində: Yurtçu, Gümüşlü, Xalxallı, Qaraxanbəyli, Ağabəyli, Cığataylı, Qaracalı, Billici, Qaratulaqlı, Gecələr, Sarvanlar, Şahbanlı, Əlixanlı, Ərovanlı, Salayçı, Qızıllı, Pirxaxanlı, Qızıl Qışlaqlı, Kəlfirli, Qarabağlar kimi 20 tayfadan ibarət olmuş”, “Sofulu və Qaradolaq tayfaları ilə birlikdə 120 tirəyə bölünmüşdür”. Kəngərlilərin bu tayfa və tirələri Naxçıvan şəhəri və onun ətraf kənd­ləri, eləcə də Azərbaycanın digər zonalarına yayılmışdır. Belə ki, tayfanın Yurtçu tirəsi Yurtçu və Cəhridə, Gümüşlü tirəsi Xok və Şahtaxtıda, Xalxallı tirəsi Vayxırda, Ağabəyli, Cığasaylı, Qaracalı, Billici, Gecələr, Sarvanlar, Şahbanlı, Əlixanlı tirələri Naxçıvan şəhərində, Ərovanlı Kərimbəyli Dizəsində, Salayçı tirəsi Nəhəcir, Külüs, Mahmudobada, Qızıllı tirəsi Kültəpədə, Pirxaxanlı tirəsi Qahabda, Qızıl Qışlaqlı tirəsi Bulqanda, Kəlfirli tirəsi Türkeş və Sələsüzdə, Qarabağlar tirəsi isə Qarabağlarda məskunlaşmışdır.

X əsr müəllifi Konstantin Baq­rya­norod Cənub-Şərqi Avropa çöllərində yaşayan peçeneqlərin bir tayfasının “Qarabay” adlandığını yazmışdır. Türkoloqlar müəyyən etmişlər ki, qədim peçeneqlərin dilindəki “y” səsi başqa türk dillərində “q” səsini əvəz edirdi. Ona görə də Qarabay etnonimi “Qarabağ” kimi oxunmalıdır. Qarabağ və Qarabağlar toponiminin yayılma arealı çox genişdir. Respublikamızda bir neçə oykonim və böyük bir ərazi bu adı daşıyır. B.Budaqov və Q.Qeybullayevin yazdıqlarına görə, hələ 1590-cı ildə Rəvan əyalətinin Vedi və Ağcaqala nahiyələrində Aşağı Qarabağlar, Yuxarı Qarabağlar, 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində Qarabağ, 1828-1832-ci illərdə İrəvan xanlığı və Vedi rayonunda Qarabağlar, eləcə də XIX əsrdə Cənubi Qafqazda 5 Qarabağlar adlı kənd var imiş. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan Naxçıvandan Kəngərlilərin Qarabağlar tirəsindən bir sıra ailələri Qarabağa köçürmüş, orada Pirhəsənli, Qızıllı və Xoruzlu qollarına ayrılan bu tayfanın tirələri Quba, Dəvəçi, Göyçay və başqa ərazilərə də yayılmışdır.

Beləliklə, Qarabağlar adı Kəngərli tayfa birləşmələrinə məxsus ad olub. “Kəngərlilərin böyük bir bölümü”, “Kəngərlilərin güclü, qüdrətli bir hissəsi” mənasında işlənir və bu fikri yerli faktlar da təsdiqləyir. Belə ki, Qarabağlar kəndi və onun ətrafı tarixən Kəngərli zonası, bu ərazidə yerləşən yaşayış məntəqələri isə Kəngərli kəndləri adlanır. Çünki Xok mahalında yaşayanların əksəriyyəti azərbaycanlı, böyük hissəsi isə Kəngərli tayfalarına mənsub olub və tayfanın Qarabağlar qolu eyniadlı kənddə məskunlaşıb. Deməli, Qarabağlar kəndinin adı Qarabağ tayfasının adından yaranmışdır. Ona görə də Qarabağlar qədim türk mənşəli peçeneqlərin Qarabağ tayfasının adını əks etdirir.


Qarabağlar kəndi tarixi mənbələrdə

Kəngərli rayonunun Qarabağlar kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin şimal-şərqində Qalacıq adlanan ərazidə e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid yaşayış yeri (sahəsi, təqribən, 40 hektar) aşkar edilmişdir. Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və oval şəkilli bina qalıqları tapılmışdır. Qarabağlardakı qədim qəbiristanda at və qoç formalı qəbirüstü abidələr aşkar edilmişdir. Qarabağlar kəndi ən qədim yaşayış məskənlərindən biri olmaqla, tariximizin orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilmişdir.

Bu şəhər Azərbaycanın mühüm ictimai-iqtisadi, siyasi mərkəzlərindən biri olmuşdur. Onun Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdir. Burada olan möhtəşəm memarlıq abidələri – türbə və minarələr XII-XIV əsrlərdə Qarabağların böyük şəhər olduğunu sübut edir. Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövləti dövründə olmuşdur. Qarabağlar şəhəri XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər bölgə mərkəzi kimi statusunu itirməmişdir. Lakin bununla belə şəhərin əksər hissəsi xarabalıqlardan ibarət idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1587-1603) şəhər baxımsızlıq səbəbindən tənəzzülə uğramış və hətta 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kənd kimi qeyd olunmuşdur. Qarabağlar şəhəri orta əsrlərdə bir sıra görkəmli səyyah, tarixçi və coğrafiyaşünasların diqqətini cəlb etmişdir. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində şəhərin gözəl iqlimi, əhalisi, tarixi abidələri haqqında maraqlı məlumatlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, F.Rəşidəddin, N.Xanıkov, Moryer, İ.Şopen, İ.Tavernye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar vermişlər.

Qarabağlar haqqında XV əsrin görkəmli səlnaməçisi Nizaməddin Şami “Zəfərnamə” əsərində bəhs etmişdir. Nizaməddin Şami orta əsrlərin məşhur fatehi Əmir Teymurun səfərlərində onu müşayiət etmiş, tarixi hadisələrin canlı şahidi olmuşdu. Müəllif özünün “Zəfərnamə”sində Əmir Teymurun Hindistandan dönməsi bölməsində Teymurun Qarabağlarda müəyyən müddətdə qalmasını belə təsvir edir: “Əmir Teymur Hindistandan paytaxt Səmərqəndə qayıtdıqdan sonra Azərbaycana və ona bağlı yerlərə gürcü və erməni əsgərləri tərəfindən təcavüzlər vaqe olduğunu, buna görə də rəiyyətlərin zərər gördüyünü xəbər aldı. Əmiri Hümayun namus və qeyrətinə toxunan bu hala görə 802-ci ildə (miladi 1399-1400 – İ.H.) hərəkətlə Xorasana doğru yola düşdü. Sultaniyyəni keçərək Təbriz Qarabağlarına gəlib, orada ordusu ilə nazil oldu və səhraları çadırları və bayraqları ilə işğal etdi, ordunu təftiş ilə əsgərlərin hamısına ülufə (yem) və yeyəcək verdi...” Əmir Teymur döyüş səfərinə çıxdığı zaman yolüstü Qarabağlar şəhərində dayanmış, buranın gözəl nemətlərindən dadmış, məscidlərində dua etmiş, əsgərlərinə “ülufə və yeyəcək” vermişdir. Nizaməddin Şaminin bu şəhər haqqında yazdıqları ondan 300 il sonra burada olmuş Ö.Çələbinin “binur (nursuz – İ.H.) Teymur Qarabağlarda böyük bir qoşunu ilə beş ay müddətinə qışlağa qalmışdır” məlumatı ilə bir daha təsdiqlənir.

Məşhur türk tarixçisi İbrahim Əfəndi Peçevinin “Tarix” əsərində də Qarabağlar haqqında bəhs edilir. İbrahim Peçevi XVI-XVII əsrlərdə bu böyük Azərbaycan şəhərinin əhalisinin həyatı, ticarət və peşə sənətkarlığı haqqında məlumat verir. O göstərir ki, Qarabağlar onun dövründə böyük bir dairə olmuşdu. Yəni Qarabağlar şəhər və ona tabe olan ətraf yerlərdən ibarət idi.

İngilis səyyahı Moryer Qarabağlardakı xarabalıqları İranın Persepol şəhərinin memarlıq abidəsinə oxşadır. Moryerin Qarabağların xarabalıqlarını Persepolun (Təxti-Cəmşid – İ.H.) Əhəməni dövrü abidələri ilə müqayisəsinə münasibət bildirən AMEA-nın müxbir üzvü Vəli Əliyev yazır: “Əlbəttə burada mübaliğə vardır. Qarabağların orta əsr müsəlman abidələrini Persepolun Əhəməni dövrü abidələri ilə müqayisə etmək olmaz. Çox güman ki, Moryer Qarabağların çox qədim dövrlərə aid abidələrini nəzərdə tutmuşdur...” Digər tərəfdən isə arxeoloq-alim “...doğrudan da arxeoloji tədqiqatlar nəticəsində burada qədim dövrlərə aid xarabalıqlara təsadüf edilmişdir”, – deyir.

Türk hakimi III Sultan Muradın hakimiyyəti dövründə Qarabağlar Səfəvilər tərəfindən ələ keçirilmişdir. Tarixi mənbələrin verdiyi məlumata görə türk paşası Sultan Süleyman qışı öz əsabələri ilə birlikdə bu şəhərdə keçirərmiş. XVII əsrin tanınmış türk səyyahı Övliya Çələbi Azərbaycana birinci səfərində (1646-1647-ci illər) “Böyük Qarabağlar şəhərinin təsviri”nə geniş yer vermişdir: “Bu şəhərin binasını ilk dəfə Mənuçöhr qoymuşdur. Qədim şəhərdir; indi də Naxçıvan torpağında ayrıca sultanlıqdır. Qədim zamanlarda böyük şəhər imiş. 1012-ci ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər qazandı. 1045-ci il tarixində (1635-ci il) Rəvan fatehi, zəmanənin Murad xanı Rəvan fəthindən sonra bu şəhərə gəlib burada dayandıqda qədim əlyazmalarda cənnət qədər abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilməzsə dağıdıb xarab etmişdir, xarabalıqları hələ də durmaqdadır”. Göründüyü kimi, Ö.Çələbi “Səyahətnamə” əsərində Qarabağları böyük bir şəhər kimi təsvir etmişdir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda, təqribən, 50 min adam yaşayırdı; 10 min ev, 70 məscid, 40 minarə, karvansara, hamam, bazar və sair var idi. Şəhərin ab-havasından, bağ-bağatından, meyvələrindən, xörəklərinin dadından Ö.Çələbi ürəkdolusu söhbət açır: “Allaha həmd olsun bu şəhərin ab-havasının lətafətindən əhvalımız da xoş olub atlara süvar olmaqla bəzi rəfiqlərimizlə şəhərə tamaşa etdik... Havasının lətafətindən xoşüzlü məhbub və məhbubələrə rast gəlirdik. Yeyəcək və içəcəklərinin, meyvələrinin bənzəri heç bir diyarda yoxdur. Qara Bağlar desək yerinə düşər. Elçi ilə bir bağı gəzərkən Yəzdan Qulu adlı bir bağban iyirmi altı cür şirəli armud gətirdi... Armudlar elə dadlı və şirəlidir ki, suyu yeyənin üzərinə, əlbəttə, nabat şərbəti kimi tökülər... Böyük bazarlarında pak və pakizə işçilərinin bişirdiyi cürbəcür Rəvan düyüsündən plovlar və hərisəsi, sanki sifr kimi ləziz və xoş ətirlidir. İşçiləri olduqca təmizdir. Zira cümləsi müsəlmandır”.

Azərbaycan Səfəvilər dövlətində Azərbaycan bəylərbəyliyi dövründə Naxçıvan ölkəsi 12 nahiyə və 1 sultanlıqdan ibarət idi. Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərə-Şahbuz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağlar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi. Birinci Osmanlı idarəçiliyi dövründə Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdi. Bu dövrdə Qarabağ nahiyəsi 6 kənd, 2 məzrədən ibarət idi. Tədqiqatçıların fikrincə, XVII əsrin əvvəllərində Naxçıvan ərazisində öz qanuni hakimiyyətlərini bərpa edən Səfəvilər Qarabağların sultanlıq statusunu özünə qaytarmışdır. Qarabağlar kəndi XVIII əsrin 30-cu illərində Naxçıvan sancağında Qarabağ adı ilə 16 kəndi əhatə edən nahiyə mərkəzi, XIX əsrdə isə Xok mahalında kənd olmuşdur. Göründüyü kimi, bu ad müxtəlif zamanlarda həm Qarabağ, həm də Qarabağlar şəklində işlənilmişdir.

İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının tədqiqi ilə məşğul olmuş fransız mənşəli İ.Şopen Qarabağlar şəhəri, onun sinfi və etnik tərkibi, folkloru və incəsənəti, təsərrüfatı barədə məlumat vermişdir. İ.Şopen bu qədim yurdun rus işğalından çox əvvəlki vəziyyətinin təsvirini verə bilmişdir. 1833-cü ildə Sankt-Peterburqda V.Qriqoryevin nəşr etdirdiyi “Naxçıvan əyalətinin statistik təsviri” əsərində də Qarabağlar haqqında geniş məlumat verilir. Buradan da Qarabağların əhalisi, onun ödədiyi vergilərin adları, həcmi haqqında qiymətli məlumatlar əldə etmək mümkündür.

Mənbələr Qarabağlar Türbə Kompleksi haqqında

Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Bu abidələrdən ikisi – qoşa minarəli baştağ və türbə dövrümüzədək gəlib çatmışdır. Türbə Kompleksi göstərir ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri olmuşdur. Türbə Kompleksində hər bir abidənin özünəməxsus yeri, mövqeyi və tarixi əhəmiyyəti vardır. Qarabağlar Türbə Kompleksi təkcə Azərbaycanın deyil, Ön Asiyanın memarlıq incilərindəndir. Türbə Kompleksi, görünür, Elxanilərin hakimiyyəti illərində tikintisi geniş yayılmış əbvab-əl-birr (dindarlığın qapıları – İ.H.) adlı iri xatirə-xeyriyyə komplekslərindən olmuşdur. Tərkibində saray, məscid, mədrəsə, xanəgah, şəfaxana, hamam və başqa binalar olan belə komplekslərin mərkəzi tikilisi və dominantı “Ali günbəz” – uca türbə olurdu . Mənbələr və mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın XIV əsrdə, türbənin isə 1332-1337-ci illərdə tikildiyini qeyd edirlər. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə, türbənin tikilmə tarixi Hülakü hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyəti illərinə (1319-1335) aid edilir.

Qarabağlar Türbə Kompleksi haqqında tədqiqatçılardan M.Mirheydərzadə, Ə.Salamzadə, L.Bretanitski, K.Məmmədzadə, Ə.Əsgərzadə, ­V.Sısoyev, T.Yazar, S.Kərimzadə, Ş.Məmmədova və başqaları maraqlı və əhəmiyyətli fikir və mülahizələr söyləmiş, ­abidələrin tarixi haqqında bir sıra dəqiqləşmələr aparmışlar. Qarabağlar memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu, XIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülakü xanın arvadı Quti xatının adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi güman edilir. M.Mirheydərzadə baştağın kitabəsində “Allahın bu nişanəsi türkman Quti xatındır” sözlərinin yazıldığını qeyd etmişdir. Ə.Salamzadə və K.Məmmədzadə güman edirlər ki, kitabə parçasında Elxanilər sülaləsindən olan Abaka xanın arvadı Koday xatının adı xatırladılır. Tədqiqatçı R.Əliyeva da bu fikirdədir. Azərbaycan Sovet Ensiklopediyasında baştağın üzərində Elxani hökmdarı Hülakü xanın arvadı Quti xatının (Qutuy xatın) adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi göstərilir. Ə.Ələsgərzadənin fikrincə, kitabə aşağıdakı formada olmuşdur: “Bu binanın tikilməsini... cahan Qudi xatın əmr etdi”. Turqay Yazar kitabənin sülüs xətti ilə yazıldığını və aşağıdakı mənanı verdiyini bildirir: “...Bu binanın tikilməsini Cihan Koday xatın əmr etdi”. Beləliklə, gətirilən faktlardan və digər mənbələrdəki məlumatlardan aydın olur ki, Qarabağlar türbəsi Elxanilər sülaləsindən olan yeddinci vəliəhd Sultan Əhmədin ölümündən sonra onun anası Cahan Quti xatının əmri ilə tikilmişdir. Həmin dövrdə dövlətə rəhbərlik edən Quti xatın ölümündən sonra bu məqbərədə dəfn olunmuşdur. Mənbələrdə adı Quti, Qudi, Qutuy xatın şəklində anılan Quti xatın tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə “Çox ağıllı və bacarıqlı olub, sarayda yüksək mövqe tuturdu”. Quti xatın qısa müddətdə olsa da, oğlu Sultan Əhmədin hakimiyyəti illərində, 1382-1384-cü illər arasında dövləti özü idarə etmişdi. O, böyük hörmət və nüfuzunu sonralar da saxlamışdı. Görünür, Abaqa xanın Quti xatın üçün ayırdığı yerlər içərisində Qarabağlar şəhəri də olmuşdur.

Qarabağlar türbəsi iki hissəlidir: sərdabə və yerüstü xatirə abidəsi. Bu abidədə qülləvarı türbənin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı onun yerüstü kompozisiyasını təşkil edir. Gövdə səthinin belə yarımsilindrik çıxıntılarla işlənməsi yalnız bədii-dekorativ əhəmiyyətə malik olmayıb, eyni zamanda mühəndis quruluşu cəhətdən də əhəmiyyətlidir. Bir-biri ilə birləşmiş on iki yarımsilindrik çıxıntı divarın ümumi həcmini azaltmaqla bərabər, eyni zamanda türbəyə bir qala görkəmi də verir. Türbənin kompozisiya xüsusiyyəti dörd baştağlı olmasıdır. Dörd coğrafi səmtə cəhətlənən giriş yerləri türbəni dörd bərabər hissəyə bölür. Binanın bütün səthlərində xırda şirli yaşıl kərpiclərdən çəkilmiş üzlük qırmızımtıl kərpic fon üzərində onun səthini böyük kvadratlara bölür. Çəpinə qoyulmuş belə kərpiclərdən isə romblar əmələ gəlmişdir. Kvadratların hər birinin içərisində isə iri yaşıl kərpiclərlə “Allah” və “Bismillah” sözləri yazılmışdır. Türbənin bütün səthində kufi xətti ilə yazılmış “Allah” sözü 200 dəfədən artıq təkrar olunur.

Türbədən, təxminən, 30 metr aralıqda iki yüksək minarə ucalır ki, bunların hündürlüyü 17 metrə qədərdir. Minarələrin aşağı hissələrində kvadratşəkilli bünövrə düzəldilmişdir. Minarənin səthində yaşıl rəngli kaşı çəkilmiş kərpiclərdən bəzəklər yaradılmışdır. Hər iki minarənin içərisində dolama pilləkən vardır. Bu minarələr Azərbaycan ərazisindəki ən qədim kərpic minarələrdəndir. Baştağın özü isə təkcə yurdumuzun deyil, bütün İslam ölkə­lərinin memarlığında qoşa minarəli baştağların ilk örnəklərindəndir. Qarabağlar baştağı nadir abidədir. Baştağ gözəl kompozisiya və incə memarlıq bədii həllinə görə də dəyərli sənət əsəridir. Tarix və mədəniyyət abidələri ilə zəngin olan Naxçıvan diyarının quruculuq ünvanlarından biri olan Qarabağlar kəndi və onun Türbə Kompleksi özünün ikinci həyatını yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq abidələr ən yüksək səviyyədə bərpa edilir, ilkin gözəlliyinə qaytarılır.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, 
akademik