Qarabağlar Türbə Kompleksi və onun kitabələri
Nəşr edilib “Şərq qapısı” qəzeti 22.10.2016.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 4 iyul 2016-cı il tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasının təmin edilməsi, AMEA Naxçıvan Bölməsinə “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupunun yaradılması tapşırılmışdır. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində uyğun mütəxəssislərin daxil olduğu “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaradılmışdır.
Orta əsr Azərbaycan memarlığı Naxçıvan məktəbinin ən möhtəşəm nümunələrindən biri də Naxçıvan şəhərindən, təxminən, 40 kilometr şimal-qərb tərəfdə yerləşən, bölgənin qədim yaşayış məskənlərindən olan Qarabağlar kəndindəki türbə kompleksidir. Qoşa minarəli baştağ və türbədən ibarət olan bu kompleks zəmanəmizədək qismən dağılmış şəkildə gəlib çatmışdır.
Ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələri və orta əsr yazılı mənbələrinin məlumatları göstərir ki, Qarabağlar Azərbaycanın qədim şəhərlərindən olmuş, orta əsrlər zamanı çiçəklənmə dövrü keçirmiş, yüksək inkişaf səviyyəsində olmuşdur. XVII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə”sində bu şəhər haqqında maraqlı məlumatlar təqdim edir. Səyyah yazır ki, Qarabağlar bünövrəsi ilk dəfə Mənuçöhr tərəfindən qoyulmuş şəhərdir. İndi Naxçıvan ərazisində ayrıca sultanlıqdır. III Mehmet dövründə (1595-1603) Osmanlıların əlində ikən əcəmilərə keçmişdir. Nursuz Teymur (Əmir Teymur) da bu Qarabağlarda qışlayıb saysız əsgər ilə beş ay qalmışdır. Çox abad və sonu görünməyən münbit torpağı olan bir düzənliyə malikdir. Neçə dəfə Süleyman xan (Osmanlı sultanı I Süleyman Qanuni – 1520-1566 – F.S.) və sair sərkərdələr burada qışlamışdır. ... Allaha həmd olsun ki, bu şəhərin su və havasının gözəlliyindən təbiətimiz xoşlandı.